Azərbaycan çempionatında 5-ci tur başa çatıb. Ön pillələr uğrunda mübarizə aparan komandaların görüşündə “Zirə” “Qəbələ”ni qəbul edib. 35-ci dəqiqədə qonaqlar önə çıxıblar. İsnik Alimi penaltini dəqiq yerinə yetirib. 1-ci hissənin sonuna yaxın tarazlıq bərpa olunub. Rəhim Sadıxov hesabı bərabərləşdirib. Beləliklə ilk yarı heç-heçə yekunlaşıb - 1:1. Fasilədən sonra “zirə” futbolçuları daha bir qol vuraraq üstünlük qazanıblar. 74-cü dəqiqədə Rəhim Sadıxov dubl edərək meydan sahiblərinin 2:1 hesablı qələbəsini təmin edib.

Mövsümə ardıcıl 4 qələbəylə başlayan “Sabah” isə bu dəfə heç-heçəylə kifayətlənib. Murad Msuayevin komandası öz meydanında “Səbail”in müqavimətini qıra bilməyib 0:0.

Xal itkisinə baxmayaraq “Sabah” 13 xalla yarış cədvəlinə başçılıq edir. 1 oyun az keçirən “Qarabağ” 12 xalla liderin ən yaxın izləyicisidir.